“Palatanın fəaliyyəti təkcə büdcəyə rəy verilməsi və hökumətin fəaliyyətinə nəzarətin həyata keçirilməsi deyil, eləcə də parlamentin - xalqımızın iradəsini ifadə edən təmsilçilik hakimiyyətinin konstitusion səlahiyyətlərinin birbaşa həyata keçirilməsinə xidmət edir. Hesablama Palatası peşəkarlıq səviyyəsinə görə institusional orqana çevrilib, hazırlanan rəylər obyektivdir, informativdir, beynəlxalq audit meyarlarına tam cavab verir”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc bildirib.
Z.oruc hesab edir ki, ictimai və media vasitəsilə təzyiq amillərini, vəzifə mövqeyindən təsir və çəkindirmə mexanizmlərini nəzərə aldıqda Palatanın çoxşaxəli fəaliyyətinin dövləti və milli mənafelərimizə cavab verən, eləcə də maliyyə məsuliyyətini artıran və üç mühüm prinsipin-səmərəlilik, uyğunluq, maliyyə auditi meyarlarına tam cavab verdiyini söyləmək olar.
Deputat hesab edir ki, Hesabatın Komitədə müzakirələrindən sonra media məkanına çıxan məlumat kütləsi üzərindən dövlət hakimiyyəti orqanlarının kəskin ittihamlara məruz qoyulması tam əsassızdır.
“Hesabatın maliyyə əhatəsi 8.3 milyard manat büdcə vəsaitinin auditini nəzərə tutur və dövlət büdcəsinin 40 milyard manatdan çox olduğunu qeyd edərək, sənədi bütün dövlət orqanları üçün yol xəritəsi adlandıra bilərik. Çünki auditinin bütün büdcə vəsaitini əhatə edəcəyi təqdirdə pozuntuların qarşısının alınması imkanları daha böyük olardı, lakin dünyada belə praktika yoxdur”.
Deputat Hesabatda yer alan qeyri-büdcə fondları ilə bağlı məsələyə toxunub.
“Cərimə və sanksiyalar əsasında formalaşan belə forndların istər gəlir, istərsə də xərclərinin şəffaflığına dair ictimai fikirdə çoxlu suallara yaranır. Ona görə də Palatanın fəaliyyətində getdikcə büdcə sisteminin təkmilləşdirilməsinə dair irəli sürülən təkliflərin mütləq əksəriyyətini qəbul etmək Hökumətin fəaliyyətinə bütün növ maliyyə fəaliyyətinə dair aydın təsəvvür yaratmağa imkan verərdi.
İkinci mühüm məsələ, Qarabağa Böyük Qayıdış proqramın icra olunması ilə bağlıdır. Hər birimiz qürurla bəyan edirik ki, Prezident İlham Əliyevin liderliyi ilə azad olunan torpaqlarda yeni Vətən quruculuğu həyata keçirilir. Əlbəttə, cəmi bir dəfə həmin bölgələrə səfər edən insan hansı ağır şərtlərdən keçərək 100 minlərlə vətəndaşımızın doğma yurdlarına dönüşünün təmin olunduğun görə bilər. Ötən günlərdə Ağdamdan Xankəndinə, daha sonra Şuşaya gedərkən on minlərlə insanın, minlərlə texnikanın hansı miqyasda işləri gördüyünü yaxından müşahidə etmək həqiqətən təsirli hadisəydi. Bizə görə orada işləyən fəhlənin, iş icraçısının və şirkətlərin hər biri qəhrəmandır. Müqəddəs əməyi təmsil edirlər və digər ərazilərdə çalışanlardan fərqləndirilməlidir, ona görə də Qarabağda çalışanların fəaliyyətinə daha həssaslıqla yanaşılmalıdır.
Söhbət qurulu şəraitdə və hazır infrastrukturu olan yerlərdə çalışmaqdan getmir. Ona görə də azad torpaqlarda çalışan hər bir insan üçün ödənişlərə dair meyarlar və standartların dəyişdirilməsi zəruridir. Biz sovet illərində böyük yazıçılarımızın Mil-Muğan çöllərində gedən quruculuq işlərini necə tərənnüm etdiyini yaxşı xatırlayırıq. İndi isə inşaat meydanlarına həqiqətən xüsusi təyinatlı bir ordu-silahsız tikinti briqadaları millətimizin gələcəyi üçün fədakar əməyini görürük”.